23.10.2014

Cırıq çəkmə

Doqquzuncu sinifdə oxuyurdum. İqtisadiyyat fənnini tədris edən müəllim zəng çalınmamış sinifə daxil oldu. Hərəmiz bir tərəfdə idik, kimi kitab oxuyub dərsə hazırlaşır, kimi vərəqlərdən top hazırlayıb voleybol oynayır, kimisi də partaların üstündə rəqs edirdi. Bu mənzərəni görən müəllim heç nə demədi. Başa düşdü ki, sinifə tez daxil olub və bizim etdiklərimiz dərs zamanı baş vermədiyi üçün pozuntu kimi qeydə ala bilməz. Hamının yerinə oturması üçün bir az gözləməli oldu.
O, dərsə mane olan, atmacalarıyla ad çıxardan sinif yoldaşımı müəllimlər otağına göndərdi. Xəritəni və bir də coğrafiya müəllimin ölkələri göstərmək üçün istifadə etdiyi nar çubuğunu gətirsin. Ötən dəfə demişdi ki, növbəti dərsdə dünya iqtisadiyyatında baş verən prosesləri əyani şəkildə bizə göstərəcək. Təbii ki, həmin bu vəsait yalnız xəritə ola bilərdi.

Sinif yoldaşım getdi 10 dəqiqədən sonra geri qayıtdı. Xəritəni gətirdiyini, ancaq çubuğun nar deyil, heyva ağacından olduğunu söylədi. Hamımız gülüşdük.

Müəllim əsəbi şəkildə “get, gətir”, - söylədi. Sinif yoldaşım getdi, on dəqiqə sonra yenə əliboş qayıtdı. O, bu dəfə nar çubuğunu tapdığını elə sevinclə dedi ki, az qalırdı atılıb-düşsün. “Müəllim, nar çubuğunu da tapdım, heyva çubuğunu da. Ancaq seçim edə bilmədim. İndi siz deyin, hansını gətirim”, - dedi. Sinfi qəhqəhə bürüdü.

Çubuğun nə fərqi vardı, əsas o idi ki, müəllim dünya ölkələrini bizə xəritədə rahat göstərə bilsin. Çünki əlləri o qədər qısa idi ki, hər hansı bir ölkəni bizə göstərmək üçün gərək iri gövdəsiylə xəritənin önünə keçəydi. Belə də şagirdlər heç nəyi görə bilməzdi.

Müəllimin sinif yoldaşımın atasıyla zarafatı olduğu üçün cəsarətlə və bir az da özündən razı halda “ay heyvan oğlu, get, çubuq gətir, fərqi yoxdur”, - dedi. O, geri qayıtdı və üçüncü cəhddə müəllimə nar çubuğunu "hədiyyə" edə bildi.

Xəritəni lövhənin qarşısında asan müəllim qloballaşan dünyadan, 20 il sonrakı vəziyyət haqda bizi bilgilər verdi. İnflyasiyadan, bazar iqtisadiyyatının mahiyyətindən, əmtəə bazarının bolluğu şəraitində mövcud fəaliyyət göstərən iqtisadiyyatın durumundan, əmək bölgüsü və əmək ehtiyyatlarından danışdı. Müəllim danışdıqca dünya ölkələrini göstərirdi. Amerikanı, Kanadanı, Avstraliyanı əlinin içi kimi tanımasıyla fəxr edirdi. Tez-tez “xəritədə ölkələri tapa bilməyən adamın eşşəkdən fərqi yoxdur”, - deyir, sonra arxaya çevrilib bir-iki ölkəni bizə tanıdırdı.

Mövzu Avropaya çatdı. O, lövhədən bir az aralanıb öncə Qərbdə 30-40 il sonrakı dövrdə iqtisadiyyatın necə olacağını öyrənən institutlar haqda danışdı. Bu an şagirdlərdən birinin cırılmış uzunboğaz ayaqqabısı onun gözündən yayınmadı. “Yoldaşınızın ayağındakı cırıq çəkmə...”, - dedi və elə güldü ki, yeni tikilən binaların yöndəmsiz eyvanları kimi bir metr irəli çıxan qarnının bir azdan partlayacağını düşündük.

O isə gülür, dayanmaq bilmirdi. Biz isə susmuşduq.

Özünü ələ alıb, vəziyyətdən çıxmaq istəyirdi. "Çəkmə. Bəli, çəkmə. Xəritədə İtaliyaya diqqət etsəniz, bu ölkənin çəkməyə oxşadığını görəcəksiz. Baxın, bu da İtaliyadır", - dedi.

Arxası xəritəyə qalsa da, əlindəki çubuqla oranı göstərmək istəyirdi. Ancaq ucu sivri olan nar çubuğu Çinə tuşlanmışdı. Gülmək növbəsi artıq bizə çatmışdı.

Müəllim bir az var-gəl etdi. İtaliyadan, Roma imperatorlarından söhbət açdı. Yuli Sezardan tutmuş Napaleonun qəhrəmanlığına qədər danışdı. Sonra səhvini anladı. Napaleonun Roma imperatoru olmadığını uzunboğaz ayaqqabısı cırıq olan sinif yoldaşım ona xatırlatdı.

Özündə deyildi, nəvəsi yaşında bir uşaq səhvini tutmuşdu. Üstəlik, İtaliyanı da xəritədə tapa bilmirdi. Deyəsən, “çəkməli” ölkəni kimsə geyinib “yox”a çıxmışdı.

Zəng vuruldu. Müəllim axtarışda idi deyə, heç kim bayıra çıxmağa cürət etmədi. Axı, özünü təsdiq edə bilməyən adamlar, həm də çox əsəbi olurlar.

5 dəqiqə ötdü. Növbəti dərsin başlanmasını elan edən zəng də çalındı. Tarix dərsi olmalıydı. Ancaq iqtisadiyyat fənni isə bitmək bilmirdi. O, hündür boy, qarabuğdayı, hamının Təpəgöz adlandırdığı həmkarını görəndə isə getmək qərarına gəldi.

O, otağı tərk edəndə cırıq uzunboğaz ayaqqabı geyinən sinif yoldaşım əliylə çəkməsini göstərərək “sizin İtaliya burdadır”, - dedi.

Hamımız gülüşdük...

Hiç yorum yok:

Yorum Gönder