13.10.2014

Azərbaycan qarışqaları

Saçı, çənəsində çıxmış ucu aypara kimi bükülü tükləri ağappaq, alnı qat-qat qırışdan düyünlənmiş, əl dırnaqlarının dibi şaxtadan donan adamın sifəti kimi göyərmiş, ayaqlarında damarları neft kəmərləri kimi bir neçə yerə şaxələnmiş beli bükük bir qarı qarışqa sürətilə axına qarşı hərəkət edir.

Kimi ona gülür, kimi ayaq saxlayıb maraqla seyr edir, kimi də əl çantasında it-bat olmuş qəpik-quruşları verərək halına acıyırdı.
Alın yazısını, ömrünün keşməkeşli illərini əllərinin içinə, ovcundakı xətlərlə işarələmiş qarı dəmir pullara baxır, başını azca yuxarı qaldırıb yoluna davam edirdi. Ta zibil qutusu qarşısına çıxana qədər. Zəif, titrək əlində bərk-bərk sıxdığı sikkələri qalaqlanmış zibilliyə atır və bu an qırışlanmış sifəti azca dartılır, üzünə ani də olsa gülüş qonur, gözləri gün işığına baxan adam kimi yaşarır.

Addımlarını sürətləndirməyə çalışır, ancaq heç nə alınmır, yenə də asta-asta yeriyir. Növbəti “müştəri” yaxınlaşana qədər hərəkət edir. Yenə pul verirlər, yenə o, başını azca yuxarı qaldırır, yenə zibil qutusuna atır və yenə...

O, çox xoşbəxtdir.

***

Metroda 65-70 yaşında olan qadın əlləri əsə-əsə, qarış-qarış addımlayıb vaqona daxil oldu. Maşinist qatarı 20 saniyə stansiyada saxlamadı. Qapıların açılmasıyla bağlanması bir oldu. Az qalmışdı müvazinətini itirsin. Sərnişinlər onun qollarından tutub boş oturacaqların birində əyləşdirdilər. Təşəkkür edib, bir üzünün rəngi solmuş, bir üzü bir neçə yerdən cırılmış çantasından öncə çat vermiş güzgünü çıxardı. Sifətini iki yerə ayıran güzgüdən qırışlı alnına göz gəzdirdi, çənəsində illərdir kök salmış qara tüklərini sığalladı, dodaqlarının küncünü təmizlədi. Güzgünü cibinə qoydu, çantasından öncə eynəyini, daha sonra Dostoyevskinin “İdiot”unu götürdü. Әsərdən bir neçə cümlə oxumuşdu ki, metroda belə bir romanı oxumağın mümkünsüzlüyünü anladı. Kitabı arxası üstə geri çevirdi. O yana-bu yana boylanandan sonra çantasından bir neçə qəzetin kəsilmiş vərəqlərini çıxardıb oxumağa başladı. Bütün diqqətini əzik-üzük vərəqlərə cəmlədiyindən ətrafda nə baş verdiyini hiss etmirdi. Adamlar doluşur, basırıq yaranırdı.

Növbəti stansiyaların birində vaqona əlində telefon və pul çantası olan 22-25 yaşlarında bir xanım daxil oldu, qarının yanında yer boş olduğu üçün oturdu.

Qatar sürətlə getdiyi vaxt maşinist qabağına qara pişik çıxıbmış kimi əyləci basdı. Bu zaman hamı bir-birinin üstünə yıxıldı. O gənc xanım da qarıya toxundu, dizinin üstünə qoyduğu köntöy çantası ayaqlar altında gəmi kimi ləngər vurmağa başladı. Ağzı açıq olduğundan içindəkilər yerə töküldü. Qarının sağında dayanan iki sərnişin kimi mən də toza bulanan çantanın içindəkilərini yığmağa başladıq. Yerə düşənləri bir-bir qarıya verir, o da səliqəylə, ancaq tozunu təmizləmədən çantaya qoyurdu, sanki tələsirdi; o, kələ-kötür kəsilmiş vərəqləri qatarı tərk edənə qədər oxumalıydı. Biz hər dəfə dağılan əşyaları yığıb ona verəndə asta səslə, yalnız biz eşidə biləcək tonda “çox sağ ol” deyirdi. Qəfildən gözüm onun şəxsiyyət vəsiqəsinə sataşdı. Kimliyində ucqar dağ rayonlarının birində doğulduğu qeyd edilmişdi, ancaq qeydiyyat ünvanı paytaxt göstərilmişdi. Bəli, o, nə rus idi, nə də başqa bir millətin nümayəndəsi. Azərbaycanlı idi - oxumaqdan gözləri kor olmuş, güclə hərəkət edən ixtiyar, köhnə azərbaycanlı.

Əşyalarını çantasına yığandan sonra qarı oxumağına davam etdi.

Qatar növbəti stansiyada dayananda qapıların açılıb-bağlanmasında maşınistin bizə ayırdığı 20 saniyəlik zamandan istifadə edib özümü bayıra atdım. Qarı hələ də də ətrafdan təcrid olunmuş kimi oxumağında idi...

***

Avtobusda sərnişin ayaqlarından yer yoxdu ki, özünü bir yerə pərçimləyəsən. Ancaq var gücünü toplasan, hovuza tullanırmış kimi içəri atılsan bəlkə nəsə etmək olar. Sürücü özünü “Formula-1” yarışında hiss edir. Nəinki avtobuslarla, “Mersedes”lə, “BMV” ilə ötüşməyə çıxır. Mənzil başına çatmaq üçün bir-birinə söykənərək uzun yolu qət edən sərnişinlərin narazılığı sürücünün tükünü tərpətmir. “Ay bala, yavaş sür”, “Diqqətli ol, adam aparırsan” tənqidləri də bir işə yaramır. Avtobus dayanacaqlarda bir dəqiqədən artıq ayanmır. Sonuncu ünvana az qalmış sürət daha da artır.
Yaşlı bir kişi də oturmaq istəyəndə avtobus yerindən elə götürüldü ki, o, müvazinətini saxlaya bilməyib yıxıldı. Sərnişinlərin köməyi ilə ayağa qalxan qoca ətrafını süzərək ucadan:

- Sürücü adamları kartof-soğan zənn edəndə belə də olmalıdır, - dedi.

Hamı gülüşdü. Araya sakitlik çökən kimi sürücü sərnişinlərdən gediş haqqını yığan işçiyə üzünü tutaraq:

- Bax, gör, səs hansı meşokdan gəlir, - soruşdu.

Adamlar yenə gülüşdülər. Bir neçə dəqiqədən sonra isə avtobus mənzil başına sağ-salamat çatmışdı...

***

Yenə avtobusda.

Bəzənib-düzənmiş, zinət əşyaları bədəninin görünə biləcək bütün mümkün yerlərindən asmış, ancaq o qədər də gözəl olmayan bir xanım da avtobusda idi. Oturmaq üçün yer olsa da, ayaq üstə dayanmışdı. Bir əlində “iPad”, o birində "Samsung Galaxy" telefonu vardı. Çantasından gah ağ rəngdə olan "BlackBerry" telefonunu, gah da necə göründüyünə, saç düzümünün dağılıb-dağılmamasına baxmaq üçün qızılı rəngə boyanmış güzgünü çıxardırdı. Ara-bir 50 manatı çantasından götürüb cibinə qoyur, sonra da yerinə qaytarırdı. Hiss olunurdu ki, avtobusa minməklə rahatsız olub. Bəlkə də marşurutdakıların onun kimi bir xanımın mənzil başına "Gelandewagen"lə getməli olduğunu düşündüyünün xəcalətini çəkirdi. Bir sözlə, nazı-qəmzəsi yerə-göyə sığmayan bu xanım bütün sərnişinlərin diqqətini özünə cəlb etməyi bacarmışdı. Sonda 16-17 yaşlarında, geyimi o qədər də ürəkaçan olmayan bir oğlan bu özündənrazılığı həzm edə bilməyib “Narahat olmayın, ay xanım, siz də düşəndə mənim kimi 20 qəpik verəcəksiniz”, - deyərək dayanacaqda avtobusu tərk etdi...

Hiç yorum yok:

Yorum Gönder