5.05.2016

Qatara səhv minənlər və...

Eynəyinin bir şüşəsi üç yerdən çat verən, əlindəki çətiri əsa kimi istifadə edən qoca kişi maşinistin kobud səslə "qapılar bağlanır" kəlməsindən sonra hövlnak içəri atıldı. Ora-bura vurnuxaraq özünə yer axtarırdı. Tapdı!

Valideynindən hədiyyə alan uşaq kimi sevinirdi. "Kişi ağlamaz" deyimini eşitməsəydi bəlkə də ağlayardı.

Oturan kimi döş cibindən dəsmal çıxarıb öncə yağışdan islanmış başını, dən-dən bitən saçlarını qurutdu, sonra eynəyinin şüşələrini sildi. O, gözlüyünün biriylə adamları alababat, o birisiylə isə başı, bədəni bir neçə hissəyə ayrılmış şəkildə görürdü. Şüşələri sildi və oturacağa yayxandı.

Təngiməyi təzəcə keçmişdi ki, bu dəfə səsi qırıq-qırıq gələn maşinist dayanacağa çatma anonsunu verdi. Növbəti stansiyanı söyləyəndə bu ahıl yaşda kişi sanki infarkt keçirdi. Səhv minmişdi, əlində bükülü qalmış dəsmalı yerə atıb öz-özünə "mənim qatarım lap əzəldən səhv gəlib, həmişə üzü qibləyə getmək istəmişəm, amma alınmayıb" deyinərək qatardan düşdü.

Onun qatarı çoxdan gedib, özünün isə bundan heç zaman xəbəri olmayıb.

***

Yaşlı bir kişi qatara mindi. Əlləri əsirdi, boş yer olmadığı üçün ayaqüstə qalmalı oldu. İki stansiya gedəndən sonra dözməyib "indiki cavanların zayı çıxıb, tərbiyəsiz olublar, bundan sonra 6 stansiya getməliyəm, ancaq heç kim yer vermir", - deyə şikayətləndi. Oturan gənclərdən biri "müəllimə yer verməmək tərbiyəsizlik deyil. Ən böyük əxlaqsızlıq tələbənin cibinə göz dikmək, pulsuz qiymət yazmamaq, gələcəyini əlindən almaqdı", - cavabını verdi.

Qarşıda onu hələ beş stansiya gözləsə də, qoca növbəti dayanacaqda düşməli oldu.

***

Tanka oxşayan maşında, qolları bilərziklərdən par-par yanan, boynunda göydələnlərin tikilməsi üçün istifadə edilən armatur qalınlığında boyunbağı asan, eynəkli, qara zırpı kişi yanından səndələyə-səndələyə ötüb gedən üstü cır-cındırlı dayını diqqətlə seyr edirdi. Varlı kasıbın iştahla alma yeməsinə elə həvəslə tamaşa edirdi ki, hətta avtomobilin pəncərəsindən dörd künc başını çıxarmağa məhkum olmuşdu. Dayı gözdən itənə qədər onu gözləriylə izlədi. Qəribə mənzərəydi. Təəccüblüsü o idi ki, minlərlə insan onun maşınına həsədlə baxır, oysa bir alma yeyənə.

Oradan azca aralanmışdıq ki, yanımdakı yoldaş bahalı maşında oturan adamın məmur balası olduğunu dedi. Hə, bu zaman aydın oldu ki, hamı almanı üst başı köhnə olan dayı kimi iştahla yeyə bilmir.

Hiç yorum yok:

Yorum Gönder