18.07.2017

Bir zamanlar orada kitab passaj vardı

Əvvəllər ora kitab pasajı idi. Hündür mərtəbəli binaların başından günəş əlini sallamamış satıcılar qalaq-qalaq kitabları saralmış un kisələrin içərisindən çıxarıb tozunu alar, sonra piştaxtaların üstünə yığardılar.
Lap başda yaşlı kişi dayanırdı. O, kitabları qalın-incə, köhnə-təzə hissələrə ayırıb saf-çürük edər, cərgəylə düzər, bir az geriyə çəkilib uzaqdan əl işinə baxardı. Gözünə nəsə xoş görünməsəydi, piştaxtanın altını üstünə çevirər, kitabları yerə tökər, yenidən yığardı. Bu kitab düzmə prosesi hər gün onun iki saatını alardı. Amma o bundan heç usanmırdı. Bəlkə də proses onun xoşuna gəlirdi.
***
Kitab passajında ən yaşlı satıcı idi. Ətrafdakılar ona ağsaqqal deyə müraciət edərdilər. Təkcə yaşına görəmi? Əsla! Etdiyi tövsiyyələri, qonşu piştaxtalara göz qoyması ona bu titulu qazandırmışdı. İnsafən hamı onun xətrini əziz saxlayır, yanında söyüş söyməzdilər.
Yaşlı kişi ünvana hamıdan tez gələr, öz işini yerbəyer edəndən sonra yanındakılara yardım əlini uzadardı. Kimsə onun iradəsindən kənar hərəkət etməzdi, edə bilməzdi. Yan-yörədikələr də masaya eynən onun kimi kitabları düzərdilər. Əksi baş verməzdi. Kimsə qonşuların üzünə təbəssüm qondurmaq üçün bilərəkdən kitabları əyri-üyrü düzərdi, elə bu zaman onun çəlimsiz, daim üzü tüklü, istidən qaralmış qollarından neft buruqları kimi yöndəmsiz çıxan damarları əsəbdən gərilər, çeçələ barmağıyla həmin adamı hədələyərdi. Ani bir gülüşmədən sonra vəziyyət əvvəlki formasına qayıdardı.
***
O, heç zaman piştaxtanın önündə durub satdığı kitabların adını ucadan sadalamaz, müştəri səsləməzdi. Qonşuların da iradı ona elə bu idi. “Ağsaqqal, sən də bizim kimi ucadan danış, alver elə” - məsləhət verərdilər. O, oturduğu stuldan ayağa qalxmadan, başını bulayaraq yox deyərdi. Sözünü qüvvətləndirmək üçün “kitab almaq istəyən alacaq, qışqırmaqla iş düzəlmir. Oxumaq istəyənə məsləhət vermək ayıbdı”, - söyləyərdi. “Sən böyüksən məsləhət ver, ağsaqqal” deyənlərə isə “bu həyatda məsləhət verməkdən və duş altında idrar etməkdən asan bir iş yoxdu” cavabını verərdi.
***
Yoldan ötən qəzəbli, kinayəli, bir az da halın acımış baxışlarından heç zaman əsəbləşməzdi. İncəbelli qızların, istidən təngənəfəs olan xalaların, laqqırtı vuran gənclərin, beli bükülmüş qocaların yanından ötüb kitablarına gözucu nəzər salmasından bəlkə də xoşhal olurdu.
O günə beş-altı kitab satardı. Düzü qonşular ondan o qədər irəlidə deyildi. Kitab passajına yeni gələnlər də, köhnə satıcılar da ağsaqqalla heç bir işdə ayaqlaşa bilmirdilər. Çünki yaşlı kişi oxumadığı heç bir kitabı satmazdı. Sevmədiyi əsərləri piştaxtaya düzməzdi. O, Hemenqueyin Qocası qədər məğrur, təmkinli və peşəkar idi.
Daha çox yerli yazarlara üstünlük verən qoca gəncləri oxuyar, səhvlərini, tövsiyyələrini satmaq üçün ona verdikləri kitabın pulunu alanda deyərdi. Heç kim ondan inciməz, əksinə, söylədiklərini ürəklərində gəzdirdikləri kitabçalara qeyd edərdilər.
***
O, hamıdan kitab passajına təz gəldiyi kimi hamıdan da gec gedərdi. Bəzən ərazidə süpürgəçi qarılardan və sahibsiz itlərdən başqa heç kim olmazdı. Amma o gün ərzində milyon insanın ötüb keçdiyi passajın daş döşəmələrinə kitabları tökər, səliqəylə, sayaraq un kisələrinə yığar, sonra çuval şəklində masaların üzərinə düzüb iplə möhkəm bağlayardı.
***
İndi o kitab passajından əsər-əlamət yoxdu. Yeri, görkəmi tamam dəyişib. Daş döşəmələri bahalı mərmərlər, piştaxtaları isə balaca dükanlar əvəzləyib. Bir masanın yerində ətir, onun yanında oyuncaq, bir az aralıda isə telefon dükanı fəaliyyət göstərir. Səki bir az genişlənib, adamlar rahat gəlib-gedirlər, heç kim heç kimə mane olmur. Yaşlıların da, cavanların da gözündə sanki sevinirmişlər kimi işıq parıldayır, çöhrələri gülürdü.
***
İndi kitab passajının satıcıları hərə bir yerdədi - kimisi fəhlədi, kimisi ərzaq dükanında gözətçi, kimisi də... Yalnız o qoca yenə kitab satır, elə kitab passajının yan-yörəsində, bir əlində köhnə, o birində təzə kitabları tutaraq səsini ucaltmadan gəzişir. Ara-sıra piştaxtasının yerində aviabiletlər satılan dükana bir vaxtlar onu süzərək ötüb keçən adamları yamsılayaraq gözucu baxır.
"Kitab satılan yerləri məhv etməklə göyə qalxmaq olmaz, olsa-olsa yerin altına girmək mümkündü", - qoca donquldana-donquldana ətrafda var-gəl edir, qeybə çəkilən müştərilərini gözləyir...

Hiç yorum yok:

Yorum Gönder