Nobelə görə min yola əl atdı, gah hökuməti tənqid etdi, düşündü ki, beynəlxalq təşkilatlar onu diqqətdə saxlayarlar, alınmadı. Ermənilərlə bağlı bir-iki kərə söz söylədi, Pamuk kimi tryuklar etdiyini düşündü, yenə alınmadı. Anlamadı ki, Pamuk hər şeydən əvvəl ortaya əsər qoyub.
Hər gün yazdığı Nobel nitqlərini bir neçə dəfə güzgünün qarşısında oxuyurdu və hər dəfəsində biri ürəyincə olurdu.
Bir müddət ötdü, heç nə çıxmadı, o isə dayanmaq bilmirdi. Daha əvvəlki kimi güzgünün qarşısında nitqləri söyləmirdi. Otağında kameraları quraşdıraraq çıxış edirdi, özünü İsveç Akademiyasının səhnəsində görürdü. Çıxışının sonunda isə yonulmuş taxta parçasını başı üzərinə qaldıraraq tədbiri yekunlaşdırırdı.
İllər ötdü, Nobelə gedən yolun uzun olduğunu düşünərək fəaliyyətinə redaktərlər etmək zorunda qaldı. Yolunu dəyişdi, hökumətə tərəf boylandı. Bu dəfə gözlərinin kökü saralmadı. Başını azca çevirən kimi şəhərin mərkəzində mənzillə təmin edildi. Evin hər şəraiti olsa da, xoşlamadı, sataraq Nobel prospektindəki “göydələn”lərin birinə köçdü. Bundan sonra bir az toxtadı. Hətta nitqinin başlığını dəyişdi: “Nobel”dən Nobelə...
Ancaq alınmadı ki, alınmadı, bütün cəhdləri puça çıxdı. Və...
...İntihar etmək qərarına gəldi. “Mən Hemenquey kimi özümü öldürəcəm”, - bir gün nitqini yarımçıq saxlayaraq öz-özünə donquldadı.
Üç gün sonra isə Nobel prospektindəki evində meyiti tapıldı. Hər gün nitq söyləmək üçün geyindiyi pencəyinin döş cibindən kağız parçası çıxdı. Orada bu sözlər yazılmışdı: “Hemenquey kimi intihar etdim, o Nobeli aldı, sonra öldü. Mənsə Nobel almadan, Nobeldəki evimdə Sizlərlə vidalaşıram!..”
Hiç yorum yok:
Yorum Gönder