“Mümkündür” sözü qulaqlarını cingildədən də bir saat əvvəl üzündəki zəhrimardan əsər-əlamət qalmamışdı. Uşaq təki sevinirdi. Niyə də yox? Bəlkə də neçə illərdən bəri evinə ilk dəfə çörək alacaqdı, qalaq-qalaq yığılmış borcları qaytaracaqdı.
Anlayırdı ki, verilən kreditə görə iki il ərzində 30 faizi mislində əlavə haqq ödəyəcəkdi. Ancaq bu yenə də onu sevindirməyə, günün istisində neft kimi qaralan bənizini ağartmaya bilməzdi.
Bank işçisinin imzalamaq üçün verdiyi bir neçə sənədi oxumadan belə qaraladı. Çox tələsirdi. Pulu almaq üçün verilən ödəniş qəbzlərini ovucunda bürmələyib akvariumlu otağa sarı irəlilədi. Bir az gözləməli idi. Çünki bankdan pul almaq istəyənlərin sayı xeyli idi. O isə səbrini basa bilmir, yerində vurnuxur, özünü tezbazar ayaqyoluna çatdırmaq istəyən adamlar kimi sıxır, sifətinə qəribə mimikalar hakim kəsilirdi. Növbə isə qurtarmaq bilmirdi. “Pulu aldın, get kənarda say da” dodaqaltı donquldanır, az keçməmiş özünə təsəlli verərək “bir azca da döz” deyirdi.
Nəhayət növbə ona da çatdı. Şüşənin o tayındakı bank işçisiylə ünsiyyət yaratmaqdan ötrü qəddini əyməli, ağzını mikrafona doğru aparmalıydı. Ancaq bunun əksini edərək öncə yavaşdan, sonra ona “cənnət”dən gəldiyi səsi eşitmədiyi üçün daha ucadan danışmağa vadar etdi. Ondan arxada növbədə dayananlar nəzarətçiylə əlaqə yaratmağın yolunu ona başa salandan sonra “üzr istəyirəm, birinci dəfədi, həm də həyəcanlıyam” deyib özünü 45 dərəcə bucaq altında əydi. Qəbzlərə möhür vurulandan sonra sənəddə qeyd edilən məbləği əlinə alanda quş kimi göydə pərvazlanırdı.
Kənara çəkildi. Bir əlində qəbzlər, o birində isə pul vardı. Bankdan çıxanda kimsə arxasınca düşər, qaranlıq bir yerdə pulu qamarlayarlar düşüncəsi ona hakim kəsildiyi üçün tez qəbzləri dodaqlarında pərçimlədi. Bank işçisinin bir həftəlik maaşı məbləğində olan, yüz illər boyu “əl çirkidir” deyib bizə öyüd verilən, ancaq qan-qadalar, müharibələr, ölüm-itimlər gətirən əskinaslar ona milyonlar kimi görünürdü. Qorxu içində və əlləri əsə-əsə bir topa pulu cibinə dürtmələdi. Ağzının sularına qərq olan, artıq heç bir işə yaramayan qəbzləri öncə əlləriylə qurutdu, sonra üfürərək əvvəlki formasına gətirməyə çalışdı. Bir neçə addım irəlilədikdən sonra pulun yerində olub-olmadığını yoxladı.
Yenidən “mümkündür” cavabını verən və bununla dünyanı ona bəxş edən bank işçisinə yaxınlaşaraq təşəkkür etdi. Hətta cılız bədənini 90 dərəcə bucaq altında əyərək təzimdə də bulundu. Sağollaşıb ayrılanda “bacıoğlu lap unutdum, bəlkə sənin də ehtiyacın var, nə qədər lazımdırsa götürə bilərsən” deyib yenidən ona sarı yön aldı. “Çox sağ ol”, “çox sağ ol” cavabları ətrafdakıların diqqətini cəlb etsə də, geri çəkilmək niyyəti yox idi. Ta ki, “kameralar çəkir, müştərini yola salandan sonra onunla ünsiyyət qurmaq bizə qadağandır” sözlərini eşidənə qədər. “Hə, oldu, minnətdaram” deyərək asta addımlarla oranı tərk etdi.
Bankın qapısını sevinclə, həm də kişiyanə açaraq budaqları yerə dəyən ağaca tərəf getdi. Arxa cibindən əzik-üzük siqareti çıxardaraq damağına qoydu. Tüstünü həvəslə ağ ciyərlərinə ötürürdü. Gözləri parıldayırdı, sanki yenidən dünyaya gəlmişdi. Sevinc üzündə neçə illərin kədərini boğmuşdu.
Hövsələsi yetmədiyi üçün siqareti ağacın dibinə atdı. Söndürməyi unutmuşdu. Bir qədər irəlilədikdən sonra etdiyi hərəkətinin mədəniyyətsizlik olduğunun fərqinə vararaq geri qayıtdı. “Adam pullu olanda da gərək mədəniyyətini qorusun” sözlərini bir neçə dəfə pıçıltıyla səsləndirdi. Geri qayıdaraq közərmiş siqareti ayağıyla möhkəm tapdalayandan sonra yaxınlıqdakı dükana üz tutdu. Üç çörək və 4 yaşlı qızı üçün iki dondurma alaraq evinə sarı yollandı.
O min il idi ki, bu cür sevinmirdi...
Hiç yorum yok:
Yorum Gönder